İqtisadiyyat, İdarəetmə və Biznes İnstitutunun direktoru, elmlər doktoru, professor Elşad Məmmədov pressunity.org ilə söhbətində Rusiya ilə Azərbaycan arasındakı iki tərəfli münasibətlərin cari səviyyəsini şərh edib, BRİKS-in Azərbaycan üçün əhəmiyyətindən danışıb, həmçinin Ermənistanın Aİ-yə üzvlüyü və Qərbin destruktiv fəaliyyəti mövzularına toxunub.

— Otuz iki il əvvəl, 1992-ci il 4 aprel tarixində Bakıda imzalanmış müvafiq protokola əsasən, Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlər quruldu. Bu iki ölkə arasındakı münasibətlərin cari səviyyəsini necə qiymətləndirə bilərsiniz? Qərbin destruktiv siyasəti sayəsində Rusiya və Azərbaycanın mövqeləri regional və qlobal siyasətdə bir-birinə yaxınlaşdı mı?

— Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan ilə Rusiya arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəldi. Bunlar qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan bərabər münasibətlər idi. Vladimir Putin Rusiyada hakimiyyətə gəldikdən sonra münasibətlər yeni bir təkan aldı. Ölkələrimiz arasındakı dostluq münasibətləri regionun ümumi sabitliyinə və rifahına xeyli dərəcədə töhfə vermişdir. Qərbin regiondakı destruktiv siyasəti də bizim mövqelərimizi yaxınlaşdırdı, çünki Rusiya və Azərbaycan dünyada və regionda öz milli maraqlarını, müstəqilliyini və suverenliyini həm iqtisadi, həm də siyasi cəhətdən üstün tutan nadir ölkələrdəndir. Buna görə də Qərb diktaturasının ultraliberal ideoloji münasibətlərinə müqavimət ölkələrimizi yaxınlaşdırdı. Qərbdə dərinləşəcək qlobalizasiya böhranı ilə Azərbaycan və Rusiya arasında münasibətlər daha da möhkəmlənəcək.

— 8 aprel tarixində Moskvada Rusiya Bankının sədri Elvira Nabiullina ilə Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov arasında görüş keçirildi. Siz ticarət-iqtisadi əlaqələrin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? Bu sahədə hansı imkanlar və maneələr mövcuddur?

— İqtisadi gündəm ölkələrimiz arasında münasibətlərin mərkəzindədir. İnvestisiyalar və mal dövriyyəsi baxımından müsbət dinamika müşahidə edirik. Digər bir çox makroiqtisadi göstəricilər üzrə də münasibətlərimiz müsbət istiqamətdə həyata keçirilir. Mən vurğulamaq istəyirəm ki, potensial real göstəriciləri və rəqəmləri xeyli üstələyir. Azərbaycan iqtisadi cəhətdən regionda əsas ölkədir. Rusiya isə Avrasiya iqtisadi inteqrasiya gündəliyinin mərkəzidir. Ona görə də biz müvafiq başlanğıc mövqelərə malik olmaqla, qarşılıqlı və birbaşa investisiyalar, texnoloji əməkdaşlıq və Rusiya və Azərbaycanda istehsal olunan məhsulların regional satış bazarlarının genişləndirilməsi yolu ilə iqtisadi inteqrasiya gündəmini dərinləşdirməliyik. Ölkələrimiz arasında əməkdaşlıqda iqtisadi gündəm həlledici olacaq. Ona görə də hökumətlərimizin iqtisadi blokları dövlətlərimizin başçıları arasındakı münasibətlərdən irəli gələn müsbət impulsları adekvat və operativ şəkildə dərk etməlidir.

— Azərbaycanla BRİKS-ə üzv ölkələr arasında əlaqələrin inkişafı məsələsinə münasibətiniz necədir? Azərbaycan bu təşkilatın üzvü olmağa hazırdırmı? BRİKS-ə qoşulduqdan sonra Azərbaycan üçün hansı imkanlar açılacaq?

— BRİKS Azərbaycan üçün də daxil olmaqla, çox rahat platformadır. Azərbaycan son iki onillikdə iqtisadi gücünü əhəmiyyətli dərəcədə artırıb. İlham Əliyevin rəhbərliyi dövründə milli iqtisadiyyatımız güclü inkişaf etdi və biz, neft strategiyasının müsbət nəticələrini və bəhrələrini gördük. Azərbaycan Prezidentin praqmatik siyasəti ölkəmizin iqtisadi gücünü keyfiyyətcə yeni bir səviyyəyə çatdırdı. Bu isə həm regional, həm də qlobal səviyyədə yaranan çağırışlar fonunda yeni imkanlar açır və milli iqtisadiyyatımız qarşısında yeni çağırışlar qoyur. Bu imkanları reallaşdırmaq üçün BRİKS çox rahat bir platforma kimi görünür, çünki BRİKS əslində dollar mərkəzli dünya iqtisadi sistemində alternativ bir iqtisadi müstəvinin formalaşmasıdır, burada bütün iştirakçılar iqtisadi potensialın reallaşdırılması ilə bağlı məsələlərin özünü həyata keçirmək və gücləndirmək hüququ əldə edirlər. BRİKS platformasında heç bir ölkənin və ya valyutanın hegemoniyası yoxdur. Burada məhsulların satış bazarlarını genişləndirmək, həmçinin iştirak edən ölkələrin intellektual potensialını gücləndirmək üçün imkanlar var. Azərbaycanın qısa müddətdə BRİKS-ə qoşulmasını istisna etməzdim.  

— Avropa Parlamenti 504 səs “lehinə”, 4 “əleyhinə” və 32 “bitərəf” olmaqla, Gürcüstan, Moldova və Ukraynadan sonra sonra Ermənistana Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsi məsələsinə baxmağa dəvət edən qətnamə qəbul etdi. Ermənistanın Aİ-yə üzvlüyü realdırmı? Yoxsa bu, Qərblə Rusiya qarşıdurması kontekstində atılan addımlardan biridir?

— Nə qısa, nə də ortamüddətli perspektivdə Ermənistanın Aİ-yə daxil olmasını gözləmək lazım deyil. Eyni zamanda, Aİ-də, o cümlədən xarici gündəmdə bir daha ikili standartların tətbiqi üzə çıxır. Biz görürük ki, Avropa İttifaqının bəzi imtiyazlı şərtlər təklif etməsi, əsas rəqibi olan Rusiyanı sancmaq üçün bir fürsət kimi qəbul edilir. Faktiki olaraq, Avropa İttifaqının xarici siyasət gündəmi müəyyən və ifadə olunan standartlara əməl etməkdənsə, hansı hökumətin Rusiyaya qarşı daha aqressiv və mənfi siyasət yürütdüyünə əsaslanır. Bu, məncə, bu gün açıq-aşkar görünür. İlk baxışdan əməkdaşlıq üçün əlverişli impulslar alan ölkələr Aİ-nin bu ölkə ilə tərəfdaşlıq münasibətlərinin dərinləşməsində nə qədər səmimi olduğunu diqqətlə düşünməlidirlər. Yoxsa bu ölkələr Aİ-nin geosiyasi və iqtisadi rəqibləri ilə mübarizədə bir alət kimi istifadə olunur? İstənilən halda alətə çevrilmək özünə hörmət edən hər bir ölkə üçün arzuolunmazdır. Erməni xalqı isə bu cür əsassız siyasətin nəyə gətirib çıxaracağını yaxşı düşünməlidir. İstənilən dövlət ilk növbədə öz qonşuları ilə normal münasibətlər qurmalıdır və uzaqdan real olmayan vədlərə arxalanmaq, xüsusən də artıq bu vədlərə əməl etmiş digər dövlətlərin xoşagəlməz təcrübəsinə malik olmaq Ermənistanı heç bir yaxşılığa aparmayacaq.


— Avropa Şurasının Təhlükəsizlik və Siyasi Məsələlər Komitəsinin üzvləri 8 aprel tarixində Cənubi Qafqazda səfərdə idilər. Regional səfər zamanı onlar Ermənistanı, Gürcüstanı və Azərbaycanı ziyarət etdilər. Qərbin Cənubi Qafqazda sülhün təşviq edilməsi işinə necə baxırsınız? Həmçinin Avropa İttifaqının monitorinq missiyasının işini necə qiymətləndirirsiniz?

— Qərb institutlarının Cənubi Qafqazda sülhün təbliği üzrə fəaliyyəti əksər hallarda destruksiyaya gətirib çıxarır. Biz bunun şahidi olduq, həm Gürcüstanda, həm də Erməni-Azərbaycan münasibətlərində. Əksər hallarda Qərbin kollektiv fəaliyyətləri heç bir konstruktiv nəticəyə səbəb olmayıb. Qərbdə bu qeyri-müəyyənlik vəziyyətini təşviq etməkdə və uzatmaqda maraqlı qüvvələr var. Biz görürük ki, əgər bu gün bir sıra Qərb institutları tərəflərdən hər hansı biri üçün əlverişli görünən təşəbbüslər irəli sürürsə, son nəticədə bütün bunlar regional gündəmdə çox ciddi nəticələrə və dağıntılara gətirib çıxarır. Cənubi Qafqaz ölkələri regional təşəbbüslərə daha çox etibar etməlidirlər. Bu baxımdan, Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Ermənistan və İranın iştirakı ilə “3+3” formatı çox rahat və konstruktiv platforma olardı. Türkiyə, Rusiya və Azərbaycan rəhbərləri bu formatı əlverişli və rahat qəbul edirlər. Hesab edirəm ki, əməkdaşlıq və müsbət başlanğıcın dərinləşdirilməsi, regionumuzda sabitliyə və inkişafa mane olan maneələrin aradan qaldırılması üçün əsas regional layihələr bu format ətrafında qurulmalıdır.

От Намазалиева Ляман

Магистр политических наук