İyunun 23-dən 26-dək Moskvada “Rusiya və Dünya: Dialoqlar – 2024. Cəlbedici qüvvələr” VIII Beynəlxalq Elmi-Praktik Konfrans keçirilmişdir. Bu konfransın əhəmiyyətli tədbirlərindən biri, Rusiya Elmlər Akademiyasının İctimai Elmlər üzrə Elmi İnformasiya İnstitutunda “İnteqrasiyalar: Müttəfiqlərin və tərəfdaşların yenidən birləşdirilməsi” adlı ekspert müzakirəsi baş tutdu. Bu müzakirənin görkəmli iştirakçıları arasında Patris Lumumba adına RUDN Universitetinin Beynəlxalq münasibətlərin nəzəriyyəsi və tarixi kafedrasının baş müəllimi Ağazadə Mirməhti Mirkamil oğlu xüsusi yer tutmuşdur.

Mirməhti Ağazadə Rusiya-Azərbaycan münasibətlərinin təkamülünün dərin və ətraflı təhlilini təqdim edərək, üç əsas mərhələni vurğuladı. O, çıxışında qeyd etdi ki, 2000-ci ilə qədər iki ölkə arasındakı münasibətlər qeyri-müəyyənlik və hətta gərginliklə xarakterizə olunurdu. Lakin yeni minilliyin başlanğıcı ilə əhəmiyyətli artım və əməkdaşlığın güclənməsi ilə müşayiət olunan yeni mərhələ başladı. Xüsusi vurğu 2020-ci ildən sonrakı dövrə edilərək, 2022-ci ildə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalanmasından sonra ikitərəfli münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdığı qeyd olundu.

Ekspert vurğuladı ki, ikitərəfli münasibətlərdə əhəmiyyətli artım iqtisadi göstəricilərə nəzər yetirdikdə aydın olur. Belə ki, 2023-cü ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 4,3 milyard dollar olduğu halda, 2022-ci ildə bu rəqəm 3,7 milyard dollar təşkil edib. 17,5%-lik artım iqtisadi əlaqələrin dinamik inkişafını və tərəfdaşlığın güclənməsini göstərir.

Pressunity.org saytına müsahibəsində ekspert Azərbaycanının Cənubi Qafqazda yeni regional siyasətin formalaşmasındakı rolunu və Rusiya ilə ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərini müzakirə etdi. Ekspert qeyd etdi ki, Azərbaycan bölgənin sabitləşməsi və inkişafında mühüm rol oynayaraq, beynəlxalq təşəbbüslərdə fəal iştirak edir və Rusiya ilə mühüm tərəfdaş olaraq mövqelərini gücləndirir.

— Rusiya-Azərbaycan münasibətlərinin regional sabitlik və təhlükəsizlik baxımından əhəmiyyəti nədir?

— Cənubi Qafqazda qeyri-müəyyənlik şəraitində, xüsusən də Ermənistan və Gürcüstanda daxili qeyri-sabitlik, Aİ və ABŞ-ın regionda siyasətinin intensivləşməsi fonunda Azərbaycan uğurlu xarici siyasəti sayəsində “sabitlik adası”na çevrilib. Cənubi Qafqazın aparıcı dövlətləri olan Rusiya və Azərbaycan regional təhlükəsizliyi təmin etmək üçün “məsuliyyət” daşıyır, buna görə də onların arasında davamlı olaraq inkişaf edən ikitərəfli münasibətlər onun möhkəmlənməsinə öz töhfəsini verir. Başqa sözlə desək, Rusiya-Azərbaycan münasibətlərinin inkişaf səviyyəsi və tempi təkcə İkinci Qarabağ müharibəsindən sonra formalaşma prosesində olan Cənubi Qafqazın gələcək regional konfiqurasiyasından deyil, həm də ümumilikdə Qafqaz-Xəzər bölgəsində təhlükəsizliyin tam təmin olunmasından asılıdır.

— Qarabağ münaqişəsinin bitməsindən sonra bu münasibətlərdə hansı əsas dəyişiklikləri vurğulaya bilərsiniz?

— İlk növbədə qeyd etmək lazımdır ki, 22 fevral 2022-ci il tarixində Rusiya və Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalanmışdır. Bu bəyannamə hələ də iki ölkə parlamentləri tərəfindən ratifikasiya olunmasa da, liderlər çıxışlarında bir-birlərini müttəfiq adlandırırlar. Mal dövriyyəsinin artımı ilə yanaşı, mənim təvazökar fikrimcə, Rusiya-Azərbaycan münasibətlərində əsas dəyişiklik ondan ibarətdir ki, Moskva və Bakı regional məsələlərdə bir-birlərinin maraqlarını nəzərə alırlar. Biz bunu sonuncu dəfə Rusiya sülhməramlı kontingenti Azərbaycan Qarabağ bölgəsini tərk edərkən gördük.

— Rusiya-Azərbaycan münasibətlərinin yaxın illərdə inkişaf perspektivlərini necə görürsünüz?

— Azərbaycan bu gün Rusiya üçün Cənubi Qafqazda ən proqnozlaşdırıla bilən ölkədir. İkitərəfli əməkdaşlığın inkişaf perspektivli istiqamətlərindən biri nəqliyyat-loqistika sektorudur. Xüsusilə, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində əlaqələrin inkişafı iki ölkənin maraqlarına cavab verir və bu, ümumilikdə Rusiya-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərini əhəmiyyətli dərəcədə müəyyən edəcək.

— Sizcə, Azərbaycan Cənubi Qafqazda yeni regional siyasətin formalaşmasında hansı rol oynayır?

— İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda qüvvələr nisbəti dəyişdi, yeni, lakin hələ tam bərqərar olmamış geosiyasi status-kvo meydana gəldi ki, bu çərçivədə Rusiya, Türkiyə və İranın iştirakı ilə region ölkələri arasında strateji qarşılıqlı əlaqə və çoxşaxəli əməkdaşlığın yeni konturunun formalaşması üçün zəruri şərait yaranır. Azərbaycan bölgənin bütün geosiyasi proseslərində fəal iştirak etdiyini nəzərə alaraq, inamla demək olar ki, bu gün Cənubi Qafqazda yeni regional siyasət onun maraqlarına uyğun formalaşır.

— Sizcə, Rusiya-Azərbaycan münasibətlərinin güclənməsində akademik ictimaiyyətin və tədqiqatların rolu nədir?

— Təəssüf ki, iki ölkənin akademik ictimaiyyəti Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsində xüsusi rol oynamır. Bunun obyektiv səbəbləri var. Rusiyanın akademik dairələrində hələ də öz nəşrlərində Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyən alimlər var. Öz növbəsində Azərbaycanın bəzi akademik dairələrində Rusiya haqqında qərəzli fikir formalaşıb. Bununla belə, son illərdə Rusiya-Azərbaycan münasibətlərinin inkişafında müşahidə olunan pozitiv dinamika, iki ölkənin akademik ictimaiyyətlərində də əksini tapacaqdır.

От Намазалиева Ляман

Магистр политических наук