Son illər regionda və dünyada baş verən proseslər, təəssüf ki, daha çox hərbi, siyasi və iqtisadi münaqişələrlə bağlıdı. Belə ki, ölkələr və güc mərkəzləri öz aralarında yaranan problemləri əksər hallarda qeyrikonstruktiv üsullarla həll etməyə çalışırlar. Bu isə bütöv bölgələr miqyasında  sabitlik və inkişafla bağlı proseslərə ciddi zərbələr vurur. Qeyd etmək lazımdır ki, özlərini demoktratiyanın beşiyi və mərkəzi hesab edən böyük güc mərkəzlərinin bu proseslərə kənar müdaxilələri problemlərin həllinə deyil, dərinləşməsinə və düyünlərin daha da sıxılmasına gətirib çıxarır. Çünki həmin mərkəzlər öz ixrac üçün nəzərdə tutulmuş təlimat və diqtələri ilə problemlərin həlli istiqamətində deyil, öz qlobal miqyasa çatan iqtisadi, hərbi və siyasi maraqlarının təmin edilməsinə çalışırlar. Bu isə sabitliyə və inkişafa, şübhəsiz ki,  xidmət edə bilməz.

Bu fonda istisnaların olması, sözsüz ki, müsbət hal kimi dəyərləndirilməlidir. Bu dəfə təhlil etdiyimiz  mövzu barədə fikirlər bildirmək bizim üçün  bir qədər də  ona görə sevindiricidir ki, bu dəfə xoş istisnalara aid məsələ bizim bölgədə reallaşmaqdadır. Nəzərə aldıqda ki, Xəzər və Xəzər ətrafında kifayət qədər mürəkkəb şəkildə müxtəlif geosiyasi maraqlar kəsişməkdə və toqquşmaqdadır, hesab edirəm ki, xeyli dərəcədə xəzəryanı dövlətlərin rəhbərlərinin ciddi siyasi iradəsi nəticəsində Xəzər dənizi ilə bağlı müəyyən konsensusun əldə edilməsi son illərin ən əlamətdar hadisələrindən biri kimi dəyərləndirilməlidir. Bir çox bölgəyə aidiyyatı olmayan mərkəzlərin səylərinə baxmayaraq, xəzəryanı dövlətlər öz iradəsini və qətiyyətini nümayiş etdirərək, Xəzərin sabitlik və inkişaf məkanına çevrilməsi ilə bağlı yekdil qərara gəldilər və bu qərar 2018-ci ilin avgust ayında bütün xəzəryanı dövlətlərin rəhbərləri tərəfindən imzalanan Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyada öz əksini tapdı. Bu Konvensiyanın imzalanması Xəzərdə və onun ətrafında baş verən proseslərlə bağlı  kənar dövlət və mərkəzlərin müdaxiləsi olmadan inkişaf paradiqmasının məhz xəzəryanı dövlətlər tərəfindən müəyyən edilməsi üçün bir təşkilati-hüquqi baza yaratmış oldu. Rusiya Prezidenti V. Putinin irəli sürdüyü “Böyük Avrasiya Tərəfdaşlığı” konseptual yanaşması kontekstində Xəzər dənizi ilə bağlı bu razılaşmanın nə dərəcədə mühüm məna kəsb etdiyini düşünürəm ki, dərindən dərk etmək zəruridir. Nəzərə almaq lazçmdır ki, hazırda nəinki yeni texnoloji, həm də yeni dünya təsərrüfat quruluşunun formalaşması prosesi reallaşmaqdadır.
Bu dünya təsərrüfat  quruluşunun əsas istiqamətləri tamamilə yeni idarəetmə yanaşmalarını, dövlət və özəl sektor arasında tərəfdaşlığın dayanıqlı şəkildə inkişaf etdirilməsini, strateji planlaşdırmaya söykənən idarəetmə prinsiplərinin tətbiqini, eyni zamanda maliyyə sektorunda bir valyutanın hegemonluğuna əsaslanan liberal qloballaşmadan fərqli olaraq  regional müstəvidə üfuqi əməkdaşlığa və inkişafa köklənən inteqral yanaşmanı nəzərdə tutur. Mərkəzi Avrasiyada formalaşan bu sistemin ən mühüm mərkəzlərindən biri kimi isə, sözsüz ki, Xəzər hövzəsi çıxış edə bilər. Belə ki, uzun illər Xəzər dənizi daha çox karbohidrogen və digər təbii ehtiyyatlarına görə iqtisadi maraq kəsb edirdisə, yeni dünya təsərrüfat quruluşu sistemində Xəzər çox ciddi şəkildə yeni inteqral əlaqələrin mərkəzinə çevrilə bilər. Bu inteqral əlaqələr Çin tərəfindən təklif edilən “Kəmər-yol”, Çinlə yanaşı “yeni iqtisadiyyatın” digər nəhəngi olan Hindistanın iştirakı ilə reallaşdırılan “Şimal-Cənub” layihələri vasitəsi ilə və Avrasiyanın dayanıqlı və qabaqlayıcı iqtisadi inkişaf trayektoriyası üzrə inkişafı üçün açar dövlət olan Rusiyanın mərkəzi rolu ilə bölgənin  əsrin iqtisadi  inkişaf mərkəzi kimi mövgeləşdirilməsinə səbəb ola bilər. Xəzəryanı dövlətlərin  böyük  iqtisadi potensialını və bölgənin aparıcı iqtisadi inkişaf mərkəzləri ilə geniş  kooperasiya imkanlarını  nəzərə  aldıqda, düşünürəm ki, Xəzərin  “ Böyük Avrasiya  tərəfdaşlığı” çərçivəsində mühüm, sistemformalaşdıran məkan kimi inkişaf etməsi olduqca realdır.

От Elşad Məmmədov

İqtisad üzrə elmlər doktoru, Professor