Sovet İttifaqının mövcudluğunun son illərindən Qafqaz bölgəsində qeyrisabitlik, separatizm və dezinteqrasiya prosesləri inkişaf etməyə başladı. Bu meyllərin təsadüfi olmasını düşünmək, hesab edirəm ki, yalnız son dərəcədə sadəlövlüyün aşkar göstəricisi ola bilər. Belə ki, həmin dövrlərdən başlayaraq, Qafqazın Rusiyadan ayrılması və uzaqlaşdırılması “kollektiv Qərbin” informasiya-təbliğat siyasətinin sözsüz prioritetlərindən birinə çevrilmişdir. Həmin illərdə hələ müttəfiq sovet respublikaları olan indiki postsovet qafqaz ölkələrində “demokratik hərəkətlərin, xalq cəbhələrinin” Qərbdən ciddi dəstək almaları, Sovet İttifaqının süqutundan sonra da davam etdi. Amma bütün gözəl vədlərə baxmayaraq nə demokratik Qərb, nə Avropa İttifaqı və digər Qərb struktur və institutları Qafqazı “özünkü” etmədilər. Bunun müxtəlif siyasi, diplomatik, iqtisadi, mental, sosial və psixoloji səbəbləri var. Düşünürəm ki, əslində, Qərbdə Qafqazın Avrointeqrasiyaya bərabərhüquqlu tərəf  kimi cəlb edilməsi məsələsi heç vaxt ciddi şəkildə nəzərdən belə keçirilməmişdir. Bu baxımdan, son illərin bütün, hətta maraqlı görünən və “Şərq Tərəfdaşlığı” kimi cəlbedici adlarla bəzədilən Qərblə Qafqazın əməkdaşlığına dair layihələrin, əminəm ki, bir başlıca məqsədi var: Rusiyanın Qafqazdakı mövgelərinin zəiflədilməsi. Zənnimcə, bu zaman Qafqaz xalqlarının həqiqi maraqları nə həmin Qərbin aparıcı struktur və institutlarını, nə də  Qafqaz ölkələrində onların dəstəkləri ilə fəaliyyət göstərən siyasi qüvvələri bütün bu illər ərzində maraqlandırmamışdır. Bu kontekstdə bir məqama da toxunmaq, fikrimcə, lazmdır. “Sərq təırəfdaşlığı” çərçivəsində Avropa ilə ən sıx əməkdaşlıq münasibətlərini qurmuş Gürcüstan belə Avropaya ixrac nöqteyi nəzərdən bu illər ərzində heç bir ciddi irəliləyişə nail olmadı və bunu obyektiv iqtisadi göstəricilər açıq şəkildə göstərir. Eyni zamanda, faktiki olaraq, Qərbin qloballaşma institutu olan Ümumdünya Ticarət Təşkilatına(ÜTT) üzvlülük Gürcüstan iqtisadiyyatının strukturunda önəmli dəyişikliklərə səbəb olmadı. Bütövlükdə, son onilliklər ərzində Qafqazda “qlobal liberal ideyalara” xidmət edən qüvvələrin güclənməsi və hakimiyyətə gəlməsi həmin ölkələrdə hansı fəlakətlərə səbəb olmasını görmək, məncə, heç də çətin deyil. Azərbaycanda 1992-1993-cü illərdə, Gürcüstanda 2004-2012-ci illərdə, Ermənistan 2018-ci ildən bəri mövcud olan təcrübələr, fikrimcə, konkret və birmənalı şəkildə göstərdi ki, Qafqazı süni şəkildə Avropaya və Qərbə tərəf çəkmək cəhdləri bu Qafqaz respublikalarında bu trekdə   sistemli böhranlara və hətta fəlakətlərə səbəb olur. Belə ki, qeyd olunan illərdə Qafqaz respublikalarında qərbyönümlü, qeyripeşəkar, populist və təxribatçı qüvvələrin hakimiyyətdə olması həmin dövrlərdə həmin  dövlətlərin mövcudluğunu belə sual altına qoydu. Çünki, zənnimcə, o kurs apriori Qafqazın tənəzüllünə, kompleksli və  sistemli  böhranına  səbəb olacaq kursdu və Qafqaz xalqlarının bunu dərk etməsi və həmin qüvvələrin siyasi səhnədən silinməsi Qafqaz üçün inkişaf və tərəqqi təşəbbüsün əldə edilməsi üçün son dərəcədə önəmlidi. Eyni zamanda, əminliklə söyləyə bilərik ki, Qafqazın “süni avropalaşması” bütün istiqamətlər üzrə, yəni həm siyasi, həm iqtisadi, həm təhlükəsizlik, həm mental, həm də digər seqmentlər üzrə perspektivsizdir. 

Belə ki, siyasi və təhlükəsizlik komponentləri üzrə Avropa üçün Qafqazın Rusiya ilə rəqabət istiqamətindən başqa maraq kəsb etmədiyi hesab edirəm ki, son dərəcədə aydın görünür. Razılaşaq ki, mental baxımdan Avropanın Qafqazla yaxınlaşmasını təsəvvür belə etmək mümkün deyil. O ki qaldı iqtisadi sferaya, Qafqazın xammal resurslarından başqa dayanıqlı və kifayət edəcək həcm və formatda Avropa bazarına çıxması demək olar ki, mümkünsüzdür. Əminəm ki, Qafqaz xalqları bu amilləri, coğrafiyanı aldatmağın mümkünsüzlüyünü, postsovet məkanında   iqtisadi inteqrasiyanın alternativsizliyini, kənar destruktiv təsirlər nəticəsində Rusiya ilə konfrontasiyanın deyil, konstruktiv əməkdaşlığın bölgənin inkişafı üçün zəruri olmasını dərk etməli və bununla Qafqazın sabitlik və dayanıqlı inkişaf məkanı kimi formalaşmasının bünövrəsi qoyulmalıdır.

От Elşad Məmmədov

İqtisad üzrə elmlər doktoru, Professor