Hər şeydən əvvəl 2020-ci il dünyanın bütün ölkələrinin tarixinə ilk növbədə koronavirus pandemiyası və iqtisadi tənəzzül ili kimi düşdü. Lakin bu il Azərbaycan üçün xüsusi il oldu. Çünki bu il Azərbaycan işğal altında olan ərazilərini geri qaytardı. Buna görə də Azərbaycanın tarixində 2020-ci il ilk növbədə bu, mühüm məqamla xatırlanacaq.

Qarabağ müharibəsi gələcək qlobal əməkdaşlıqlar üçün böyük imkanlar açır. Demək olar ki, hazırda Cənubi Qafqaz bölgəsində hər şey yenidən – “sıfırdan” başlayır. Əvvəlki konfiqurasiya geridə qaldı, yenisi isə sürətli iqtisadi və siyasi inkişaf üçün yeni imkanlar açır, hansı ki, Azərbaycan və Rusiyan burada fundamental rol oynaya bilər.

“Birlik” Mətbuat Klubu ilə söhbəti zamanı politoloq İlqar Vəlizadə deyib ki, bu il Azərbaycan-Rusiya arasındakı münasibətlər xüsusilə Qarabağ münaqişəsi ilə bağlı olaraq müəyyən sınaqlardan keçdi.

“Düşünürəm ki, hər iki tərəf bu sınaqlara tab gətirə bildi, çünki Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif fikirlər var idi, lakin hamısı 10 noyabrda imzalanan müqavilələrlə tənzimləndi”, – deyə bildirib.

Analitik onu da əlavə etdi ki, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bizim üçün prinsipial önəmli olan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini söyləyib.

“Hazırda regionda yeni bir geosiyasi reallıq formalaşır və bu mənada deyə bilərik ki, Bakı ilə Moskva arasındakı münasibətlər sınaqdan keçərək əsas siyasi vektorlarını qoruyub saxladı. Buna baxmayaraq, əldə edilmiş razılaşmaların həyata keçirilməsinin, xüsusən xarici oyunçular tərəfindən müəyyən risklər yaratdığını unutmamalıyıq. Lakin, mən hesab edirəm ki, Azərbaycan və Rusiya arasında effektiv dialoq bu riskləri minimuma endirəcək”, – deyib İ.Vəlizadə.

Analitik onu da qeyd edib ki, noyabrın 10-da əldə olunan razılaşmalar ölkələr arasında, xüsusən təhlükəsizlik və iqtisadiyyat sahəsində-nəqliyyat kommunikasiyalarının inkişafında qarşılıqlı fəaliyyət üçün yeni imkanlar açır.

“Azərbaycandan Türkiyəyə tərəf əsas dəmir yolu xətti keçirdi. Məlum səbəblərdən bağlı idi, indi isə onun bərpası üçün heç bir maneə yoxdur. Bu dəmir yolu digər ölkələrin iştirakı ilə regionda geosiyasi memarlığın formalaşmasına xidmət edəcəkdir. Bu mənada Azərbaycan Prezidenti tərəfindən irəli sürülmüş “altılıq platforması”nın yaradılması təşəbbüsü çoxtərəfli münasibətlərin inkişafında böyük perspektivlərin olduğunu göstərir”, – deyə analitik əlavə edib.

Vəlizadənin sözlərinə görə, bu platformada Azərbaycan-Rusiya münasibətləri xüsusi yer tutur.

Proqnozlarıma görə, Azərbaycanla Rusiya münasibətləri növbəti ildən daha da dərinləşəcək, Şimal-Cənub nəqliyyat dəhlizi isə geosiyasi xarakter daşıyacaq. Eyni zamanda digər ölkələrin də iştirakı ilə investisiya mühitinin yaranması üçün yaxşı şərait yaradılacaq. Məsələn, Rusiya şirkətləri də azad edilmiş ərazilərin bərpasında iştirak edəcəklər. Onların bu məsləyə cəlb olunması Azərbaycanda Rusiya biznesinin genişlənməsi üçün imkanları yaradacaq”, – deyə politoloq əlavə edib.

P.S. Müharibənin bitməsindən çox vaxt keçməyib, amma biz hələ də müharibədən sonrakı reallığı yaşayırıq. Buna görə də hələ bütün mexanizmlər mükəmməl şəkildə hazırlanmayıb və təbii olaraq müəyyən suallar ortaya çıxır. Lakin bu suallar Azərbaycan və Rusiya Xarici İşlər Nazirləri, eləcə də Müdafiə nazirləri arasında opeartiv danışıqlar əsasında həll olunur.

Amma bir müddət sonra qarşılıqlı iqtisadi və siyasi fəaliyyət üçün yeni platforma hazırlanmalı olacaq. Həm Azərbaycanın, həm də Rusiyanın rəhbərliyi yaxşı başa düşür ki, 2021-2022-ci illər iqtisadi inkişaf cəhətdən çox çətin dövr olacaq. Ona görə də bu dövr ərzində ən azından iqtisadiyyatın pandemiyadan əvvəlki səviyyəyə çıxması vacibdir. Bunun üçün isə yeni iqtisadi imkanlar yaradılmalıdır.

Moskvanı Bakı, İrəvan, Ankara və Tehranla birləşdirəcək dəmir yolu xətti bu ölkələrin iqtisadiyyatını keyfiyyətcə fərqli səviyyəyə çatdıra bilər, bunda da region ölkələri maraqlıdır. Digər tərəfdən Moskva üçün Azərbaycanla Avrasiya İqtisadi Birliyinə (AİB) inteqrasiya prosesi ilə bağlı danışıqlar aparmaq şansı yaranır.

Heç kim söz vermir ki, danışıqlar yüngül olacaq, lakin dialoq üçün qapı açıqdır.

Beləliklə, 2020-ci il Azərbaycan-Rusiya münasibətləri üçün keyfiyyətcə yeni mərhələyə başlanğıc mərhələsi oldu.